Heey. Salam ^_^

Heey. Salam ^_^

25.09.2015

"Ölmüş dövrün son insanı" (fanfiction) 1.Hissə



Salam. Bu gün sizinlə 2 bölümdən ibarət, Fanfiction olan "Ölmüş dövrün son son insanı" adlı hekayəmi  paylaşıram. Ümidvaram oxuyub bəyənəcəksiniz :)

Qarışıq bir günün, qarışıq yazısına sadə başlamaq qədər çətin bir gün idi. Yataqdan ayılmağıyla yox, günün batmasıyla başlayardı günü. Kofesini də alıb, balkonda oturardı. Hündür binaların arasından sızan işıqlara baxardı. Gözləri zəif görürdü, sadəcə işıqların bir-birinə qarışmasını seçə bilərdi. Sevdiyi kimi, Jazz, klassiklərdən, Tom Waits qurub dinləyərdi. Musiqi ruhunun dərinliklərinə qədər süzülərdi. Başını divara söykəyib havaya baxardı. Belə günlərdən biri idi və o düşündü, indi heç kəs musiqiyə olan sevgiyə qiymət vermir deyə. İndi rock ya da jazz insanları yoxdur deyə. İndi heç kim öz qadınını sevmir deyə düşündü. Hardan gəlir bu fikirlər ağlına bu orta yaşlı qadının axı. Siqaretini çıxarıb, yandırdı. Mənzərəyə baxıb köks ötürdü. Başını sallayıb, sanki hansısa yarımçıq qalmış söhbəti davam etdirirmiş kimi pıçıldadı. Sanki səsli düşündü "Hə, indi heç kim qadınını sevmir" İndi yaraşıqlı centlmenlər xanımları rəqsə dəvət etmir. Hətta onlar rəqs etməyi də düşünmürlər. Axı indi hansı kişi qadını görəndə onunla rəqs etməyi, söhbət edib, ən son oxuduğu kitablar , öz xəyalları haqqında danışmağı arzulayır? Əlini çənəsinə dayayıb, qadının üzünə məsum baxışlarla tamaşa edir? İndi heç kim qadına gülməli nağıllar danışıb, minbir oyundan çıxmır ki, onun gözəl gülüşünü görə bilsin. İndi heç kim qadınların əlindən öpmür. Artıq Bukowski oxunmur. Düşündükcə daldı xəyallara. Sonra siqaretinin kötüyünü kül qabıya sıxdı. Elə bu anda "I hope I don't fall in love with you" çalınmağa başladı. Zəif gülüşün kölgəsi göründü üzündə. "Gecikdin sanki" dedi.
İçəri keçib, masadakı kitablara baxdı. İndi bunlar haqqında həvəslə danışacaq biriləri də yox idi. İndi heç kim şlyapa da taxmırdı. Köks ötürdü dərindən. Sanki yanlış dövrdə ilişib qalmış kimi yanlız hiss edirdi özünü. Əllərini qısa, qara və sıx saçlarının arasından keçirtdi. Qramafona yaxınlaşıb, barmaqlarını onun üzərində gəzdirdi. Vallara yaxınlaşsa da bir anlıq dayandı. Bu musiqilər idi onu bu qədər köhnə zamanda yaşadan. İstəsə də uyğunlaşa bilmirdi bu müasir həyata. Otağının hər küncünü gözdən keçirtdi. Bütün mebellər və şəkillər . Sadəcə evi onu öz dövründə imiş kimi hiss etdirirdi. Kövrəlsə də özünü saxlamağa çalışdı. Əllərinə baxdı. Qırmızı rəngə boyanmış səliqəli dırnaqlar və artıq çox az da olsa qırışan əllər. Qırış əllərdəki qırmızı dırnaq boyasını həmişə sevmişdi nədənsə.
Gənc ikən, o dövrdə gəncliyin alovuyla, o da şeytani bir gözəlliyə sahib nadir qadınlardan idi. Şərab ilə eyni ada sahib idi. Kişilər ətrafında dolanardı. "Ah, o vaxtların centlmenləri. Siqaretimə öz alovlarını yaxınlaşdırmaq üçün az qala dava edərdilər. Ya da martiniyə qonaq etmək üçün" Düşündükləri az da olsa üzünü güldürmüş, köhnə zamanlara səyahət ruhunu təzələmişdi. Ayılmış kimi ətrafına baxıb, qapıya tərəf addımladı. Qara paltosunu əyninə keçirtdi, qara eynək, qırmızı dodaq boyası və əlcəklər. Çantasını da alıb, güzgüdə özünə son bir baxış atdı və qapıdan çıxdı. Yenə, illər əvvəlki kimi gənc və qürurlu, biraz da narsist bir qadın küçədə addımlayırdı. Özüylə gətirdiyi ab-hava ilə dolanırdı şəhəri. Ölmüş bir dövrün son insanı olaraq...

Hiç yorum yok: